{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

Putinin MESAJı İrəvanı qorxuya saldı: "Xankəndiyə niyə girmədik" deyənlərə, bundan sonra Qarabağda.../FOTO

Putinin MESAJı İrəvanı qorxuya saldı: "Xankəndiyə niyə girmədik" deyənlərə, bundan sonra Qarabağda.../FOTO
SİYASƏT / ANALTİKA
3-03-2022, 22:06
A+
A-
Dəngələrin dəyişdiyi, yeni qütblərin formalaşdığı, dünyanın yeni inzibati-siyasi xəritəsi üzərində ciddi proseslərin cərəyan etdiyi bir vaxtda ölkəni və xalqı təlatümlərdən sığortalamaq, işğalçı qüvvələrin hədəfinə çevirməkdən qorumaq məqsədilə düşünülmüş, praqmatik, qlobal və geosiyasi reallıqları nəzərə almaq bacarığı bu gün istənilən dövlət üçün həyati əhəmiyyət daşıyır. 
Təxminən 8 gün əvvəl Rusiyanın Ukraynaya hücumundan sonra baş verən hərbi-siyasi qərarlar bir daha bu nüansların ölkələrin gələcəyinin təyin edilməsində nə qədər böyük önəm daşıdığını göstərdi. Bu proseslərə məhz son olaraq Rusiya-Ukrayna müharibəsi prizmasından yanaşdıqda bir çox suallara daha aydın şəkildə cavab tapmaq mümkün olur. 
Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş xarici siyasət yürütdüyünü bir daha təsdiqləyir. Baxmayaraq ki, Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" İlham Əliyev və Vladimir Putinin iştirakı ilə imzalanan Bəyannamə Azərbaycan cəmiyyətində əksər insanlar tərəfindən birmənalı qarşılanmadı. Biz bu cür mövqe tutanları elə 44 günlük müharibənin gedişində və 10 noyabr üçtərəfli bəyanatından sonra da müşahidə etdik. 2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra "Xankəndiyə niyə girmədik" deyənlər Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında nə hala salındığından yəqin ki, indi nəticə çıxararlar. Halbuki haqq savaşı aparan Azərbaycanın yanında bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, çox az sayda dövlətin dəstək olduğunu görmək olardı. İndi Ukraynaya arxa çıxan, onun əzilməməsi, müharibədən qalib gəlməsi üçün Rusiyanı qarşısına alan güc mərkəzlərinin böyük əksəriyyəti İkinci Qarabağ müharibəsində işğalçı, terror dövlətini dəstəkləməkdən çəkinmirdilər. 

Azərbaycan 10 noyabr sənədinə imza atmasa, Şuşanın ardınca Xankəndiyə ordu yeritsə idi kim zəmanət verə bilərdi ki, bu gün Ukraynaya görə qütblərə bölünən dünyanın super gücləri - Rusiya, ABŞ və Avropa birləşib Azərbaycana cəza kəsməyəcəkdilər?! Rusiyanın hərbi təzyiqi qaçılmaz idisə, bu gün Ukraynanın yanında olan ABŞ və Qərbin sanksiyaları rəsmi Bakını çıxılmaz vəziyyətə sala bilərdi. Və nəticədə bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi, bununla da biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, ümumiyyətlə müstəqilliyimiz və dövlətçiliyimizi itirə bilərdik. 
Əslində isə mühüm dəyişikliklərdən keçən, çoxqütblülüyün, iqtisadi qloballaşmanın daha da dərinləşdiyi dünyada dövlətlər arasında qarşılıqlı əlaqə və asıllılıqların artdığı, dünyanın yenidən bölüşdürülməsi prosesinin sürətli şəkildə həyata keçirildiyi bir vaxta Azərbaycan Prezidentinin fevralın 22-də Rusiya ilə belə bir mühüm Moskva deklarasiyasını imzalaması onu gələcək xarici təhdidlərdən, ərazisinin toxunulmazlığının, suverenliyinin qorunub saxlanılması baxımından olduqca böyük əhəmiyyətə malik bir planın tərkib hissəsi idi.
Prezident İlham Əliyevin bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi kimi ölkəni mümkün geosiyasi kataklizmlərdən sığortalamağı da bacarır. Məhz bu deklarasiyadan cəmi bir gün sonra Rusiya-Ukrayna müharibəsinin başlaması və bu günə kimi yaşananlar Azərbaycan dövlət başçısının belə bir həssas dönəmdə nə qədər önəmli manevr etdiyini bir daha ortaya qoydu.
Faktlar danışır:
Fevralın 26-da Vladimir Putin ilə İlham Əliyevin arasında telefon danışığı baş tutdu. Prezidentlər telefon görüşündə ikitərəfli və regional gündəliyin aktual məsələlərini, o cümlədən də Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı vəziyyəti müzakirə ediblər. 
Bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski də İlham Əliyevə zəng edib. Bu danışıqda da Ukraynadakı Rusiya hərbi əməliyyatları, atəşkəsin yaradılması və konfliktin həlli barədə söhbət əsas mövzu olub. Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma, yanacaqla bağlı problemin aradan qaldırılması üçün rəsmi Bakının etdiyi köməkliyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Eyni vaxtda iki münaqişə tərəfi liderinin İlham Əliyevlə konflikt mövzusunu müzakirə etməsi təsadüfi deyil. Əgər Azərbaycan Prezidentinin diplomatik bacarığına, vasitəçiliyinə hər iki tərəf bu qədər etimad edirsə, Azərbaycanın vasitəçiliyi ilə Ukrayna da, Rusiya da danışıqların paytaxt Bakıda keçirilməsinə razıdırsa, demək ki, rəsmi Bakının balanslı siyasəti bu gün aralarında müharibənin davam etdiyi tərəflərin də ürəyincədir. 
Bu gün Qərbin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, heç bir hərbi-siyasi blokun tərkibində yer almayaraq neytral statusu ilə beynəlxalq siyasətdə özünə ondan güclülərin hörmət etmələrinə nail olan, Vətən müharibəsindəki zəfəri ilə Qərbin ermənipərəst dairələrini və Ermənistanın havadarlarını da onun diqtə etdiyi şərtləri qəbul etməyə məcbur qoyan Azərbaycanın Rusiya-Ukrayna müharibəsini dayandırmaq istiqamətində əsas fiqurlardan biri kimi görməsi doğru xarici siyasi xəttin növbəti təsdiqidir. Azərbaycan bir növ bu münaqişədə moderatora çevrilməklə ona qarşı gələcəkdə mümkün təhdidləri də dəf etmiş imkanı əldə edir.

Azərbaycan bu gün həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət almağı bacardı. Postsovet məkanında ikinci belə ölkə yoxdur. Ukraynaya müharibədən əvvəl dəstək sözü verib Ruisyanın hücumundan sonra Kiyevə ancaq sayla silah göndərən Qərb və ABŞ eyni ssenarini 14 il əvvəl Gürcüstanın başına gətirdi. Qərb söz vermişdi ki, Rusiyaya qarşı çıxışlar et, sizi quruma üzv edəcəyik, heç bir üzvlülük həyata keçirilmədi. Hər gün xəbər yayıldı ki, ABŞ-ın silahla dolu gəmiləri Batumi limanına yaxınlaşır. Yaxınlaşdı, amma uşaq oyuncaqları və çadırlarla dolu. Nəticə nə oldu? Abxaziya və Şimali Osetiya əldən çıxdı, Rusiya oranın sakinlərinə Rusiya pasportu payladı. 
Başqalarının səhvindən dərs çıxarmaq müdriklik tələb edir, Azərbaycan Prezidentinin qərarlarını ancaq belə adlandırmaq olar. Dövlət başçısı yaxşı anladı ki, xarici qüvvələrin vədlərinə, sözlərinə arxayın olub qonşu olan Rusiyaya qarşı aqressiya göstərmək özünü məhv etməkdən başqa bir şey olmaz. Necə ki, eyni aqibətlə Ukrayna üzləşdi - Putin Luqansk və Donetskin müstəqilliyini tanıdı. Bu gün bütün dünyanın Ukraynaya açıq dəstək nümayiş etdirməsi də, Rusiyaya hər sahədə tətbiq edilən sanksiyalar da reallığı dəyişmir - Kremli fikrindən heç kim, heç bir güc döndərə bilməz! 

44 günlük müharibə zamanı Rusiyanın neytral mövqe tutması, istərsə də müharibədən sonra Kreml rəhbərinin az qala hər çıxışında Qarabağın Azərbaycana məxsus olduğunu bildirməsi təbii ki, rəsmi Bakının ağıllı, düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir. Din, dil qardaşımız olmayan, 70 il əsarətində yaşadığımız Rusiyanın bu mövqeyinə ancaq belə ad vermək olar.
İşğal dövründə - 30 il hər gün şəhid verdik. 30 il Avropaya yox, balaca ölkəmizin bu başından o başına öz Vətənimizdə qaçqın düşdük, qaçqın yaşadıq. Və nəhayət, 30 il sonra haqq mübarizəsinə qalxanda bu gün səni ayaqüstə alqışlayan riyakarlar, hər fürsətdə bizə badalaq vurmağa çalışırdılar. Amma Azərbaycan xalqı dövlətinin, ordusunun ətrafında bir yumruq kimi birləşdi, ona sahib çıxdı.
Dövlət başçısı infiormasiya müharibəsində bütün dünya liderlərinə, beynəlxalq qurumlara, erməni lobbisinin maliyələşdirdiyi media mənsublarına qarşı sinə gərdi. Azərbaycan haqq savaşından bütün təzyiqlərə, müdaxilələrə, hədələrə baxmayaraq qələbə ilə çıxmağı bacardı. Təbii ki, müharibədən qalib ayrılmaq kimi, onu qoruyub saxlamaq da məharət, bacarıq, doğru və zamanında siyasi qərar istər. 

Ötən gün ölkəsinin parlamentində çıxışı zamanı Paşinyanın Azərbaycanla sülh imzalamağa razı olduğunu bəyan etməsi postkonflikt dövründə də rəsmi Bakının addım-addım növbətə hədəfi yaxınlaşdığını göstərir. Görünür, Azərbaycan İrəvana başa salmağı bacardı ki, "Rusiya artıq bizim də müttəfiqimizdir, amma biz addımlarımızı öz imkanlarımıza görə atırıq. Moskva bu gün dünyayla mübarizə aparır, ona sənin nə istədiyin artıq maraqlı deyil". Paşinyan etdiyi son açıqlamalardan belə anlaşılır ki, Ermənistan üçün Bakının diqtə etdiyi üçtərəfli bəyanatların icrasından başqa çıxış yolu qalmayıb. Erməni baş nazir bununla bir növ xalqına mesaj ünvanlayır ki, "Biz Ukrayna ola bilmərik. Əgər Ukrayna bu gün suverenliyini itimək təhlükəsi ilə üz-üzədirsə, eyni hadisə bizim üçün də qaçılmaz ola bilər". Bununla da Paşinyan ölkəsinin varlığını qoruyub saxlamağın verdiyi vədlərə, atdığı imzalara sadiq çıxmaqdan başqa yolu qalmadığına eyham vurur. Artıq Ermənistanda Nikol Paşinyanın ünvanına ittihamların sayı drumadan artır, sadə insanlar arasında baş nazirə qarşı narazılıqlar çoxalır. Əvəzində isə Azərbaycan öz təhlükəsizliyini daha da möhkəmləndirir, bu da Qarabağ torpaqlarınının əbədiyyən Azərbaycanın tərkibində qalması ilə nəticələnəcək. 
Regional təhlükəsizliyin qorunub saxlanması, Azərbaycanın mümkün təhdidlərdən qorunması üçün dövlət başçısının qərarları əvəzsiz əhəmiyyətə malikdir. Çünki hər kəs kimi biz də təhlükəsizlik istəyirik. Bunun indiki xaotik dövrdə öhdəsindən məharətlə gəlmək hər siyasi liderin hünərinə görə deyil.

Bir ölkənin suverenliyinin zədələnməsi, ərazi bütövlüyünün pozulmasıdır. Azərbaycan bunun nə olduğunu aydın dərk edir, çünki bunu yaşamışıq. İndi Qərb, ABŞ Rusiyanın işğalçı olduğunu açıq şəkildə bəyan edirlər, konkret şəkildə ölkənin adını çəkirlər. Amma 30 ildə Azərbaycanı hansı ölkənin işğal etdiyi, arxasında hansı ölkənin dayandığı bir dəfə də olsun yazılı formada ifadə edilmədi. BMT-nin məlum qətnamələrindən keçən müddət ərzində heç bir beynəlxalq nüfuzlu təşkilat, dövlət başçısı yaxud beyin mərkəzləri konkret ad çəkmədi. Bu da "kimsəyə aş, kimsəyə daş" prinsipindən doğur.
Bu gün dünyada öz haqqını, öz müqəddəratını müdafiə etmək gücünə malik Azərbaycanın formalaşdığının şahidi oluruq. Bu nüans istənilən məsələdə məqsədimizə çatmaq üçün ən doğru yoldur. Bunu dövlət başçısı çox yaxşı anlayır, bunun üçün də güclü orduya, nüfuzlu, hər kəsin hörmət etməyə məcbur olduğu bir beyin mərkəzinə çevrilmək üçün iqtisadi imkanları artırmağı ən prioritet məsələ kimi daim diqqətdə saxlayır. 
Təhməz Əsədov
Milli.Az
скачать dle 12.1